Şəkər çuğunduru dünyası
Şəkərin tarixi şəkər qamışı əkilməsi ilə başlamışdır. Bir neçə min il əvvəl şəkər qamışının Hindistan və Çində yetişdirilməsi məlumdur. Ən qədim tarixi məlumat bizim eradan əvvəl 510 - cu ildə Əhmənilər sülaləsinin hökmdarı Dara çay kənarında şəkər qamışı əkdirmişdir. Çay kənarında yaşayanlar şəkər qamışından alınan bu mayeyə “Arizis bal” adını veriblər. Daha sonra bu bitkilər Ərəblər tərəfindən Misirə aparılmışdır. Bu günki şəkər sözüdə ərəb mənşəli kəlmədir. 1747 – ci ildə Berlin Akademiyasının direktoru Marqqraf şəkər qamışındakı saxarozanı şəkər çuğundurundan almağa nail olmuşdur. 1801 - ci ildə Rusiyada şəkər çuğundurunda 5 pud şəkər emal olunmuşdur. 1811 - ci ildə Napaleon Bonapart sənaye yolu ilə şəkər çuğundurundan şəkər alınmasına imkan yaratmışdır. Şəkər çuğundurundan sənaye yolu ilə şəkər alınması XVIII əsrin sonlarında başlamışdır. Bu tarixdən çuğundur şəkərinin istehsalı və istehlakı qamış şəkərin istehsalı və istehlakı ilə rəqabətdədir. 1992 – ci ildə Respublikada 2141 hektar sahədə şəkər çuğunduru əkilib. Həmin məhsul emal üçün İİR – nın Parsabad şəhərindəki şəkər zavoduna təhvil verilib, əvəzində respublikaya 1000 tondan az artıq şəkər tozu gətirilib. Şəkər çuğundurunun orta məhsuldarlığı 2001 – ci ildə Naxçıvan MR – da 16.750 kq olmuşdur. Respublikanın Aran bölgəsində şəkər çuğundurunun əkinçiliyi 2003 – cü ildən başlamış, inkişaf edərək 2008 – ci təsərrüfat ilində əkin sahəsi 5300 hektar, orta məhsuldarlıq 35 ton/hektar olmuşdur. Bu isə qısa müddət ərzində şəkər çuğunduru əkinçiliyinin regionlarda mühüm yer tutduğunun və əkinçiyə verdiyi gəlirin artıq olduğunun real faktıdır.
Şəkər çuğunduru başqa bitkilərə nisbətən çox uzun bir tarixi olmayan gənc kökümeyvəli iki illik bitkilərdəndir. Şəkər çuğunduru şəkəri əmələ gətirən yarpaqlardan və şəkəri kökündə toplayan kökümeyvəli bitki növüdür. Yer kürəsinin + 25 paralellə kənarında özünə məxsus veqetasiya dövrü olan şəkər çuğunduru şəkər istehsalında mühüm yer tutur. Gündüzlər quru maddə (şəkər) toplayan və gecələr qismən həmin şəkəri itirən bu bitkinin hansı torpağa və iqlimə uyğun olması, nə qədər su tələb etməsi barədə qısa məlumat.
1. Şəkər çuğundurunda quru maddənin toplanmasını təmin edən ən vacib hissə yarpaqdır. Quru maddənin toplanmasında yarpaqların tez yetişməsi bir-birinin üzərinə kölgə salmaması vacibdir. Bitkinin nəfəs yollarında baş verən itkilər quraq və isti dövrlərdə yüksək olur və quru maddənin toplanması azalır.
2. Şəkər çuğundurunun vegetasiya müddətində gecələrin isti olması quru maddənin itkisini azaldır və şəkər toplanmasına müsbət təsir göstərir.
3. Şəkər çuğunduru yalnız əlverişli hava şəraitində, xüsusilə yağıntı və suvarma şəraitində yüksək miqdarda quru maddə (şəkər) toplaya bilər. Çünki 1 kq quru maddə toplanmasına 400-600 mm su tələb olunur. Keyfiyyətli şəkər çuğundurunun təqribən 76% - i su, 24% - i isə quru maddədir. Həmin quru maddənin 6%-i qeyri- şəkər, 18 %-i isə saxarozadır.
1. Yarpaqlama müddətinə 1.1- 1.5 mm
2. Kökatma müddətində 5.6- 8.2 mm
3.Şəkər toplama müddətində 6.1-6.5 mm
Şəkər çuğundurunu münbit qara torpaqlara, yüngül və orta gillicəli, üzvi maddələrlə zəngin, yaxşı havalanan az turşulu torpaqlarda əkmək lazımdır. Şəkər çuğunduru bir hektar sahədən 40 ton çuğundur kökü və 15-20 ton yarpaq və gövdə məhsulu verdiyindən torpaqdan 120-140 kq azot, 40-50 kq fosfor, 150- 200 kq kalium çıxarır. Odur ki, şakar çuğundurundan yüksək məhsuldarlıq üçün tarlada yüksək qidalanma və nəmlik yaradılmalıdır. Bu bitkinin kökləri torpağın 2 m dərinliyində su almaq imkanına malikdir. Şəkər çuğundurundan yüksək məhsuldarlıq alınması üçün torpaq hazırlıq işləri düzgün aparılmalıdır. İlk növbədə hazırlanan sahədə kipləşmiş qatın parçalanması üçün 50-60 sm dərinliyində reyper çəkilməlidir ki, bitkinin normal inkişafı təmin olunsun. Bu prosesi 5 ildən bir təkrar olunmaqla, torpaq quru olduğu halda həyata keçirilməlidir.
Şum altı gübrələr verilib, 30-35 sm dərinliyində şum aparılmalıdır.
Şəkər istehsalı tarladan başlayır. Keyfiyyətli şəkər çuğunduru yetişdirilməsi üçün aşağıdakılar tələb olunur:
1. Əkiləcək torpağın keyfiyyət durumuna uyğun toxum seçilməli.
2. Əkin sahəsi lazımi səviyyədə mexanizasiya ilə təmin olunmalı.
3. Tarlanın hazırlanması və tələb olunan becərmə işlərinin aparılmasına riayət olunmalı.
4. Torpağın xüsusiyyətinə uyğun tələb olunan miqdarda və vaxtında gübrə verilməli.
5. Ehtiyac olduqda alaq otlarına qarşı kimyəvi mübarizə aparılmalı.
6. Zərərvericilərə qarşı kimyəvi mübarizə aparılmalı.
7. Xəstəliklərə qarşı profilaktiki tədbirlər görülməli.
8. Suvarma vaxtında və tələb olunan miqdarda aparılmalı.
Turşusu, cecəsindən toxuculuq sənayesində istifadə olunan pektin yapışqanı, çörək bişirmə sənayesi üçün mallar emal olunur. Qeyd etmək lazımdır ki, çuğundur əkinçiliyində mexanizasiya işləri tətbiq edildikdə maya dəyəri nisbətən aşağı düşür, lakin keyfiyyət göstəricisi (şəkər çıxımı) adətən zəifləyir. Buna görədə sahələrdə texnikadan mümkün qədər az istifadə olunması üçün aqrotexniki tədbirlər həyata keçirildiyi zaman 2 əməlliyat birlikdə aparılarsa keyfiyyət göstəricisi yüksələr.
Çuğundur əkinçilyinə daha da diqqətlə yanaşılsa lazımi aqrotexniki qaydalarla əkinçilik keçirilərək məhsuldarlıq 1.5-2 dəfə artar və bununla da bir hektarlıq çuğundurdan alınan əmtəəlik şəkərin miqdarı da həmin mütənasibdə artar. Bu səbəbdən şəkər sahəsi ilə məşğul olanlar “şəkər tarlada istehsal olunur” deyirlər.
Şəkər çuğunduru yem bitkisi kimidə böyük əhəmiyyətə malikdir. Zavod şəraitində şəkər çuğundurundan alınan cecə və pakta (tam şəkərləşməmiş nişastadan ibarət maddə) heyvanlara yedizdirilir. Pakta mal-qaraya həm təbii, həm quru, həmdə turşudulmuş formada yedizdirilir. Ən əhəmyyətli odur ki, 100 kq təzə cecənin tərkibində 7 yem vahidi, 100 kq paktada 77 yem vahidi və 4.5 kq həzmə gedən protein olur.
Şəkər şuğundurundan şəkərdən başqa bir sıra əlav məhsullarda alınır. Onun paktasından kimya, ətriyyat və yeyinti sənayesi üçün spirt, qliserin, limon əldə edilir.
Şəkər çuğundurundan yüksək məhsul alınmasında bu bitkiyə kompleks aqrotexniki qulluq edilməsi mühüm rol oynayır. Torpağın kipləşmiş şum qatının partladılması, dərin şum edilməsi, cərgə aralarının yumşaldılması, yüksək miqdarda gübrə verilməsi, sahənin alaq otlarından təmizlənməsi və.s belə şərtlərdəndir. Bununla bərabər şəkər çuğundurunun başqa bitkilərlə növbəli əkinləri də böyük əhəmiyyətə malikdir. Əgər bu bitki başqa bitkilərlə növbəli əkin sistemində yetişdirilərsə onun məhsuldarlığının xeyli artması məlumdur. Şəkər çuğunduru bir neçə il dalbadal əkilərsə məhsuldarlıq aşağı düşər, bitkinin gövdəsi və kökündə ən qorxulu xəstəlik olan nematodu əmələ gələr. Tədqiqatlar göstərir ki, şəkər çuğunduru çoxillik yem bitkiləri, payızlıq taxıl yerində əkildikdə bitki həm qida maddələri, həm də su ehtiyatı ilə təmin olunur, tarla alaqsız olur ki, bu da becərməni asanlaşdırır.
Normal nəmlikdə torpaq şəraitində aşağıdakı qaydada növbəli əkin sistemləri məsləhət görülür.
1. Çoxillik otlar — payızlıq bitkilər — şəkər çuğunduru
2. Birillik otlar yaşıl yem otu payızlıq bitkilər — şəkər çuğunduru
3. Noxud (paxlalı bir bitki) — payızlıq bitkilər — şəkər çuğunduru
4. Torpağın nəmlik az olan rayonlarında göstərilən növbəli əkin sistemindən başqa
Dincə qoyulmuş sahə - payızlıq bitki — şəkər çuğunduru əkilə bilər. Beləliklə, şəkər çuğundurunun məhsuldarlığı və şirinliyi xeyli artırıla bilər. Yazda şum diqqətlə əkin hazırlanmalıdır. Bundan məqsəd rütubəti torpaqda saxlamaq, sahədə nəmlik ehtiyatı yaratmaq, rütubətin bioloji, kimyəvi — fiziki xassələrini yaxşılaşdırmaq, qida elementlərini mühafizə edib çoxaltmaq torpağın 5 sm-lik üst qatında hava rejimini yaxşılaşdırmaq, alaq toxumlarını tez çıxardıb məhv etmək və nəhayət toxumun nəm, yumşaq torpağa düşməsini və normal cücərməsini təmin etməkdir. Təcrübələr göstərir ki, şumun hamarlanmasında bir gün gecikmək hektarda 60-120 ton nəmlik itməsinə səbəb olur.
Şəkər çuğunduru becərilməsi torpağın münbitliyinin artmasına səbəb ola bilər ki, bu da çox əhəmiyyətlidir. Beləki, sonrakı illər ərzində digər bitkilərin şəkər çuğunduru ilə növbəli əkini həyata keçirilərkən bu əhəmiyyətli rol oynayacaqdır. Torpağın tərkibi aşağıdakı vasitələrlə yaxşılaşdırılır.
1. Şum qatı altında yerləşən kipləşmiş təbəqənin dağıdılması sonrakı illərdə orada becərilən bitkilərin yüksək məhsul verməsinə zamin yaradır.
2. Şəkər çuğundurunun becərilməsi zamanı aqrotexniki qaydalara əsasən müxtəlif çeşidli gübrələrdən istifadə olunması torpağın qida maddələri ilə təminatını yaxşılaşdırır. Verilmiş gübrələrin heç də hamısı birinci il bitki tərəfindən mənimsənilmir. Ona görədə şəkər çuğunduru növbəti əkiləcək bitki üçün yaxşı sələf hesab olunur.
3. Şəkər çuğunduru cərgə arası becərilən bitki olduğundan və vegetasiya müddəti alaqlara qarşı intensiv mübarizə aparılması nəticəsində sahədə alaq toxumlarının ehtiyatı kəskin azalır.
4. Məhsul toplanması zamanı çuğundur bitkilərinin kəsilərək torpağa verilən yaşıl kütləsi torpağa qarışaraq yaşıl gübrə kimi onun münbitliyini artırır. Həm gəlir əldə edin, həm də torpağa fayda verin
Şəkər çuğundurunun məhsuldarlığı və köklərdə şəkərliliyin toplanması xeyli dərəcədə toxumların keyfiyyətindən asılıdır. Hal-hazırda monogerm toxumlardan istifadə olunur. Toxum sortları çuğundurun tərkibinə görə üç istiqamətli olur. Z : N : E va dörd ara növü olaraq (ZN; NZ; NE: EN) 7 dəyişik 2 tipə ayrılır.
1. Z — tipi — texnoloji keyfiyyəti yüksək çıxım az
2. N — tipi — texnoloji keyfiyyəti yüksək çıxım normal
3. E — tipi — texnoloji keyfiyyəti aşağı çıxım yüksək
Çıxım yüksək və texnoloji keyfiyyətinin aşağı olduğu əkin sahələrində texnoloji dəyərin yüksək (Z ; ZN tipi). Buna qarşılıq çıxımı az və texnoloji keyfiyyəti yüksək olduğu əkin sahələrində isə çıxım gücü yüksək (E ; EN ; tipi) toxum növləri istifadə olunmalıdır. Toxumlar təmizlənir kalibrləşdirilir. Dərmanlar və istifadəyə hazır vəziyyətdə mülkiyyətçiyə verilir.
Azərbaycanda yetişdirilən şəkər çuğundurunun keyfiyyətinə nəzarət əsasında iqlim və torpaq münbitliyindən asılı olaraq dəyişən bölgələrdə mütəxəssis nəzarətində çeşidli toxum tipləri üçün təcrübələr aparılması, hər bölgə üçün xarakterik toxum tipləri ayırd edilməsi lazım olacaq.
Bölgələr üçün hal-hazırda müxtəlif toxum çeşidləri ilə yanaşı əsasən dioneta vərosita toxum çeşidlərindən istifadə olunur. Şəkər çuğundurunun səpini üçün ilk öncə toxum yataqları tələbə uyğun hazırlanmalı, sahədə çıxış üçün rütubət normal olmalı, torpaq səthi hamar, toxum yatağının torpağı yumşaq olmalıdır.
Azərbaycanda şəkər çuğunduru lentvar üsulla 50 sm cərgə arası məsafə ilə səpilir. Səpin dünyada son texnologiya ilə hazırlanmış ABŞ, Ukrayna, İİR və Türkiyə Respublikalarında istehsal olunan toxum səpən aqreqatlar vasitələri ilə həyata keçirilir.
Çıxış alındıqdan sonra şəkər çuğundurunda aşağıdakı qulluq ișləri həyata keçirilir.
1. Torpaqda əmələ gələn qaysaqları və alaq otlarını məhv etmək üçün rotorla mala ilə 1-ci kultuvasiya çəkilməsi. Çuğundur sırası bilindikdən sonra
2. Şəkər çuğundurunun seyrəldilməsi
3. Cərgələrdə torpağı yumşaltmaq yolu ilə aerasiyanı yaxşılaşdırmaq, cərgədə olan alaq otlarının təmizlənməsi Əkinə qulluq sisteminə həmçinin cərgələrarası torpaqların yumşaldılması ilə bir vaxtda bitkilərə əlavə yemləmə verilməsi, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizədə daxildir. Bütün bu tədbirlər ancaq vaxtında və qısa müddətdə həyata keçirilməlidir. Həm də bu zaman bitkilərin inkişaf fazaları, hər bir təsərrüfatın torpaq, iqlim və hava şəraiti nəzərə alınmalıdır. Səpindən sonra torpaqda olan qaysaqları dağıtmaq üçün ilk həqiqi iki yarpaq cütü əmələ gəlməsi fazasında yüngül cərgə arası becərmə traktorları ilə (T -28: T -40), rotorlu mala traktorun 3 km/saat sürəti ilə çəkilməlidir. Traktorun sürəti artıq olduqda çuğundur zədələnir, alaq otlarını tam məhv edə bilmir. Çünki sürətlə rotorlu malanın fırlanması tənzimlənmir. Traktor sürətlə hərəkət etdikdə cücərtinin 18-20 % -i məhv olur. Bitkilərin qidalanma sahəsi və sıxlığının düzgün müəyyən edilməsi ən vacib məsələlərdəndir. Buna görədə hektarda 100-110.000 bitki olmasını təmin etmək lazımdır. Buna isə artıq və zəif bitkiləri vaxtında seyrəltmək yolu ilə nail olunur.
Üzvi və mineral gübrələr şəkər çuğundurunun məhsuldarlığını və şəkərliliyini artıran qüdrətli vasitədir. Digər bitkilərə nisbətən çuğundur bitkilərinə qida maddələrinin daxil olmasının bir sıra xüsusiyyətləri vardır. Bu bitki taxıl bitkisindən 2-3 dəfə daha çox əsas qida elementlərindən istifadə edir. Hər 100 sentner kök və müvafiq miqdarda yarpaq yaratmaq üçün bu bitkiyə verilən gübrələr dozası torpaq – iqlim şəraitindən asılı olaraq təxminən 38-45 kq azot, 13.5 kq fosfor və 40-45 kq kalium lazımdır. Həm də bu bitkiyə gübrə təsadüfən – təsadüflə deyil müəyyən sistem üzrə bitkinin böyümə dövründə verilməlidir. Şum altı gübrələr (superfosfat) payızda dərin şum altına səpin zamanı toxumla birlikdə (azofoska), vegetasiya dövründə yemləmə kimi verilməlidir. Şum altı gübrələr 30-35 sm, cərgələrə 3-4 sm, yemləmə kimi 12-14 sm dərinliyində verilməlidir. Bütün bunlar gübrələmə sistemində əsas götürülməlidir.
Gübrələmə sistemində mineral gübrələrin növləri, normaları və formaları, üzvi və bakterial gübrələrin növləri və normaları, verilmə müddətləri və üsulları nəzərə alınmalıdır.
Azot birləşməsindən ammonium sorası bu bitki üçün daha sərfəlidir. Bu gübrə bitkilərin əsasən fosfor və kaliumla qidalanmasını yaxşılaşdırır və köklərdə toplanan şəkərin miqdarının bir qədər artmasına səbəb olur, tələb olunan normada veridikdə.
Peyin həm də torpaq mikroflorası üçün qida və enerji mənbəyi kimi münbitliyədə mühüm təsir göstərir. Peyinin tərkibində bundan başqa mikroelementlər və bitkilərin böyüməsi və inkişafına müsbət təsir göstərən digər maddələrdə vardır. Yaxşı olar ki, əkinlərə peyindən və kənd təsərrüfatı tullantılarından yarımqurumuş küspədən, kövşəndən, kartof gövdələrindən və s. ibarət kompastda verilsin. Kompastın tərkibinə həmçinin kül, peyin şirəsi və s. – də daxil edilə bilər. Təcrübələr göstərir ki, bir hektara 10-20 ton belə kompart verildikdə çuğundurun məhsuldarlığı 4.6 ton, bu qədər peyin verildikdə isə 11.6 ton artır.
Şəkər çuğundurunun məhsuladarlığının və şəkərliliyinə mikro gübrələr (bor, manqan, mis, dəmir və b.) səmərəli təsir göstərir. Çünki, mikroelementlər vitaminlərin, hormonların tərkibinə daxil olur, zülalların fermentativ fəaliyyətində fəal iştirak edir.
Elmi-tədqiqatlar idarələrinin məlumatları göstərir ki, yüksək şəkər çuğunduru məhsulu yetişdirilməsində suvarmanın mühüm rolu vardır. Bu cəhətdən suvarılan rayonların imkanları daha çoxdur. Respublikamızda suvarılan torpaqların şəkər çuğunduru əkib 60-70 ton/hektar şəkər çuğunduru götürüblər. Təəssüf ki, bu sahədə mövcud imkandan səmərəli istifadə olunmur.
Şəkər çuğunduru becərilən əkinlərin suvarılmasına xüsusi diqqət yetirilməlidir. Bütün suvarma dövrü və bir suvarma üçün su normaları dəqiq müəyyən edilməlidir. Bu normalar bir hektara kubmetrə hesablanır. Bu normalarda öz növbəsində torpaq-iqlim şəraitinə, aqrotexniki üsullara və planlaşdırılan məhsula görə hesablanır. Cəmi suvarma norması bütün suvarma mövsümündə torpağa verilən suyun miqdarıdır. Vegetasiyanın birinci dövründə (təxminən iyunun 20-ə kimi) bitkilər transpirasiya üçün o qədər də çox nəmlik sərf etmədiklərindən bir dəfə suvarma norması az olmalı, vegetasiyanın orta dövründə (iyunun 20-dən avqustun 20-ə kimi) suvarma normaları artmalı, şəkər çuğunduru texniki yetişkənliyə yaxınlaşdıqda isə azaldılmalıdır.
Göstərilən normaların özü də səpin vaxtından torpaq tipindən su-fiziki xassələrindən, xüsusilə torpaqların tarla rütubət tutumunun həddindən, qrunt sularının yerləşmə dərinliyindən, eləcə də ilin hava şəraitindən torpaqdakı rütubət ehtiyatından və şəkər çuğundurunun yetişdirilməsi üsullarından asılı olaraq dəqiqləşdirilməlidir.
Şəkər çuğundurunun suvarılması sisteminə torpaqda rütubət toplayan payız-qış və vegetasiya suvarmaları daxildir.
Hal-hazırda iqlim şəraitindən asılı olaraq səpinqabağı suvarma və səpsuvar üsulundan istifadə olunur. Səpsuvar üsulunda şeyperdən (baraza) istifadə olunur. Belə ki, əvvəlcə torpaq hamarlandıqdan sonra şeyper çəkilir, su kanalları açılır, səpin tirələrdə aparılır. Bu üsulda toxum qaysaq altında qalmaması üçün sızdırma suvarma aparılır. Belə ki, su toxum yatağının üstünə çıxmır, toxumun cücərməsinə tələb olunan rütubət sızdırma vasitəsi ilə alınır. Bu zaman su sızımlara torpaq su sızdırma qabiliyyətinə uyğunlaşdırılır. Sızımlarla suvarma zamanı hər sızıma buraxılan su şırnaqlarının miqdarı tarlanın maililiyindən asılı olaraq düzgün nizamlanmalıdır. Vegetasiya dövründə bitkilər yayda daha çox su tələb edir. Çünki, bu dövrdə çuğundur sahəsi məhsulun çoxunu yaratdığından ümumi suvarma normasının təxminən 60 % -i sərf edir.
Hələlik respublikada çuğundur əkinləri cərgə aralarında açılan şırımlarla suvarılır. Şırımla suvarma selləmə suvarmadan çox üstündür. Bu halda su sahəyə bərabər yayılır, suvarma normaları gözlənilir və torpağın fiziki xassələri az pozulur. Şırımla suvarmada selləmə suvarmaya nisbətən məhsuldarlığı hektarda 10-12 ton artırır. Torpağın səthindən rütubətin buxarlanmasını azaltmaq və torpağa hava keçməsini artırmaq üçün suvarmadan sonra torpaq tam qurumamış cərgə arası kultivasiya aparılmalıdır. Yumşaltmanın dərinliyi tədricən 9 sm – dən 14 sm-ə dək artırıldıqda çuğundurun məhsuldarlığı xeyli artır. Qidlanma şəraiti yaxşılaşdıqda çuğundur bitkiləri tərəfindən məhsuldar nəmlik artır. Buna görədə suvarma ilə gübrələmə bir-biri ilə sıx əlaqələndirilməlidirlər.
Şəkər çuğunduruna onun yetişdirildiyi bölgələr üçün xarakterik olan zərərverici və xəstəliklər az ziyan vurmur. Həşəratlar, siçanlar, müxtəlif gəmiricilər, uzunburunlar, çuğundur birələri, çuğundur böcəkləri və b. bu kimi bitkinin zərərvericiləridir. Payızlıq sovka, yarpaqgəmirən sovkalar, mənənələr, bağacıqlar və başqaları çuğundurun məhsuluna və toxumlara xeyli ziyan vurur. İqtisadi tədqiqatlar göstərir ki, şəkər çuğundurunun zərərvericilərinə qarşı mübarizə yaxşı təşkil edildikdə məhsul bütünlükdə salamat saxlanır və mübarizə işinə sərf olunan hər manat hesabı ilə 10 manat dəyərinə əlavə məhsul götürülür. Çuğundurun zərərvericilərinin vaxtında məhv edilməsi kök məhsulunun keyfiyyətinin də yaxşılaşdırır.
Nəticədə onların normal saxlanması və şəkər itkisinin azaldılması təmin olunur. Şəkər çuğunduru uzunburunlarına və birələrə qarşı mübarizədə superkor, sumi-alfa, desis, bazinon və başqalarından istifadə olunur. Şəkər çuğunduru vegetasiya dövründə bir sıra xəstəliklərə yoluxur. Xəstəliklər bu bitkinin cücərtilərini, yarpaqlarını, köklərinin və gövdələrini zədələyir. Bəzi bitkilər isə bitkini tamamilə məhv edir.
Şəkər çuğundurunun aşağıdakı xəstəlikləri var:
1. Bitkilərə əlverişsiz torpaq-iqlim şəraitinin, mexaniki zədələnmələrinin və s. təsiri nəticəsində meydana çıxan qeyri-parazit xəstəliklər
2. Bitkilərin virusa yoluxması nəticəsində əmələ gələn viruslu xəstəliklər.
Bitkinin xəstəliklərindən yalançı unlu şeh, unlu şeh, pas xəstəliyi, yarpaq ləkəliliyi, bakterioz və başqalarını göstərmək olar. Aqrotexniki tədbirlə düzgün əməl olunması çuğundur bitkilərinin müxtəlif xəstəliklərinin aşağı düşməsinə səbəb olur.
Şəkər çuğundurunun ən qorxulu xəstəliyi olan kökyeyənlərin əmələ gəlməməsi üçün torpağın strukturunu yaxşılaşdırmalı, onun tozlanmasına və qaysaq bağlamasına, rütubətin az və ya çox olmasına yol verilməməlidir.
Yerüstü orqanların xəstəliklərindən serkozproz, unlu şeh, yalançı unlu şeh və başqaları bitkilərin yarpaqlarını, gövdələrini, saplaqlarını zədələyir.
Yalançı unlu şeh və unlu şehə qarşı kimyəvi mübarizə üçün çuğundur səpinindən 6-8 həftə sonra kemdazin, bayleton və s. pereparatlarından istifadə olunaraq profilaktik tədbir aparıldıqda yaxşı nəticələr əldə olunur. Yaxşı olar ki, ehtiyac olduqda funqisidlərlə zərərvericiyə qarşı istifadə olunan inseksidlərlə birlikdə istifadə olunsun.
Serkozpora xəstəliyinin ilk əlamətləri hiss olunduqda həmin sahədə score peraparatından edildikdə müsbət nəticə əldə olunar. Yaxşı olarki, fenpropidin va difenoconazool qarışığından istifadə olunsun.
Qida maddələri rejiminin pozulması ilə bitkilərdə xüsusi aclıq xəstəliyi əmələ gətirir. Məsələn, azotun çatışmamazlığı üzündan azot aclığı, çatışmamazlığı üzündan fosfor aclığı əmələ gəlir ki, bunlarda şəkər çuğundurunun məhsuldarlığını aşağı salır, keyfiyyətini pisləşdirir. Bunları nəzərə alaraq bitkilərin qidalanma rejiminin normal olunması tamin olunmalıdır. Əkinçiliklə məşğul olanlar üçün tərtib olunmuş texnoloji xəritədə göstərilən əməliyyatlar vaxtında həyata keçirilməlidir. Odur ki, şəkər çuğundurunun xəstəliklərə qarşı tədbirlər sisteminə düzgün əməl olunmalıdır. Bu sistemə aqrotexniki, kimyəvi tədbirlə və xəstəliklərə qarşı davamlı sortlardan istifadə olunması daxildir.
Şəkər çuğunduru akinçiliyində alaq otları bitkinin inkişaf prosesini ləngidir, məhsuldarlığın aşağı düşməsinə səbəb olur, çuğundur toplanması zamanı müasir elektron çuğundur çıxarma aqreqatlarından istifadə etməklə çuğundur toplanmasına çəyinlik yaradır. Odur ki, şəkər çuğunduru sahəsində alaq otlarına qarşı kimyəvi mübarizə üçün fyuzilad forte (nazik yarpaqlar üçün), betanal proqress üçün (enli yarpaqlar üçün), aqil ekstra (kalışkimilar üçün) və s. herbisidlərdən istifadə olunur.
Alaqlara qarşı mübarizədə aşağı dozalı sistemlərdən istifadə olunur. ( LDS) Alaqlara qarşı mübarizəni daha erkən çuğundurda 40-60 % çıxış olduqda ilk dəfə belə səpmək olar:
Bu LDS qarışığtna 0.5 litr tontrel (chlopyralid) əlavə etmək olar. Çuğundur sahələrində kuşkuta müşahidə olunduqda KERB-SOWP pereparatından istifadə effektlidir. Şəkər çuğundurunun toplanması Şəkər çuğundurunun toplanması üçün müasir texnologiyadan istifadə olunur. Çuğundur hal-hazırda ABŞ, Ukrayna, Türkiyə və İİR istehsalı olan aqreqatlarla toplanılır. Aqreqatlardan düzgün istifadə olunması üçün çuğundur yığım aqreqatlarına uyğun səpilməlidir. Türkiyə istehsalı olan tək sıralı elektron çuğundur çıxaran aqreqatlar yarpaq biçimi, çıxarma və nəqliyyata yükləmə əməliyyatlarını həyata keçirərək bir gündə 1-1.5 ha sahənin çuğundurunu toplayıb nəqliyyata yükləyir. Hazırda çıxarmanın böyük hissəsi İİR-ı istehsalı olan yarpaq biçəni və kotanlar vasitəsi ilə həyata keçirilir. Şəkər çuğunduru toplanmasında mexanikləşdirməni artırmaq üçün tədbirlər hazırlanır. Yükləmənin Ukrayna istehsalı olan AZK – 6 aqreqatlarından istifadə olunur. SOWP pereparatından istifadə effektlidir.
Şəkər çuğunduru havadan ən çox karbon qazı alan və havaya ən çox oksigen verən bitkidir. Fotosintez nəticəsində 1 ha şəkər çuğunduru 63 adamın bir illik ehtiyacını ödəyəcək miqdarda havaya oksigen verir. Buna görədə yay aylarında başqa məhsulların yarpaqları saraldığı halda çuğundur yarpağı yaşıl olur.
Tibbi faydaları:
1.Xərçəngin qarşısını alır
Şəkər çuğunduru detoks xüsusiyyəti ilə xərçəng hüceyrələrinin inkişafına mane olur. Tərkibindəki betanin maddəsi xərçəng hüceyrələrinin çoxalmasının əhəmiyyətli dərəcədə qarşısını alır.
2.Həzm sistemini yaxşılaşdırır
Şəkər çuğundurunun əsas faydalarından biri mədədəki həzm sisteminə müsbət təsir edir. Tərkibində xeyli miqdarda lif olduğu üçün həzmə müsbət təsir edir.
3.Sinir sistemini sakitləşdirir
Şəkər çuğunduru sinir hüceyrələrini müsbət təsir göstərir. Onun suyunu içmək xərçəngin mənfi təsirlərindən qoruyur. Tərkibindəki B vitamini sayəsində stressi azaldır və sinir sistemini sakitləşdirir.
4.Qan təzyiqini normallaşdırır
Şəkər çuğunduru qan təzyiqini salma xüsusiyyətinə malikdir. Buna görə də, təzyiq xəstələri üçün də məsləhət görülür.
5.Anemiyanın müalicəsində istifadə olunur
Çuğundurun çoxsaylı faydalı maddələrindən ən əsası fosfor, maqnezium, kalium, kalsium, yod, mis, B1, B2, B6 və P vitaminləri tərkibli olmasıdır. Bu səbələ də şəkər çuğunduru anemiya xəstələrinin müalicəsində istifadə edilir.